Aysel Əlizadənin əzmi və musiqi həyatı
Aysel Əlizadə 1998-ci il sentyabr ayının 2-də Bakı şəhərində, musiqiçi ailəsində dünyaya gəlib. O, 2006-cı ildə gözdən əlil uşaqlar üçün 5 saylı internat orta məktəbinin 1-ci sinifinə daxil olur. 2017-ci ildə elə həmin məktəbin məzunu olur. Məktəbdə oxuduğu müddətdə paralel olaraq 88 saylı musiqi məktəbində təhsil alır.
O, musiqi məktəbini başa vurduqdan sonra təhsilini ali məktəbdə davam etdirmək qərarına gəlir. Bildirdiyinə görə, internat həyatı onun həyat və yaradıcılığına heç də mənfi təsir göstərməmişdir.
İnternat məktəbinin yatılı olmasına baxmayaraq, Aysel daima valideynlərinin himayəsi altında olmuşdur. Ayselin musiqiyə olan duyğusu hələ kiçik yaşlarından biruzə verməyə başlayır. O, 12 illik təhsil müddətində məktəbdə keçirilən konsertlərdə, tədbir və layihələrdə yaxından iştirak edirdi. Dəfələrlə keçirilən ölkə üzrə və beynəlxalq musiqi yarışmalarının iştirakçısına çevrilən Aysel, fəallıq nümayiş etdirərək çoxlu sayda diplom və təşəkkürnamələrə layiq görülmüşdür.
Həmçinin Aysel bir müddət asan xidmətdə könüllü olaraq fəaliyyət göstərmişdir. Asan xidmətin himni onun səsindən səsləndirilmişdir. O vaxt-aşırı olaraq televiziya müsabiqələrində iştirak edir və bəzən xalq artistləri, Samir Cəfərov, Alim Qasımov, Fidan Hacıyeva kimi böyük sənətkarlarımızla birgə səhnədə yer alır.
2017-ci ildə Azərbaycan milli konservatoriyasının milli vakal ixtisasına daxil olur. Üç il sonra Bakı musiqi akademiyasında təhsilini davam etdirir. Hal-hazırda o, artıq buradakı təhsilini başa vurmaq üzərədir. Bununla yanaşı o, indi 1 nömrəli uşaq gənclər inkişaf mərkəzində vokal üzrə dərnək rəhbəri kimi fəaliyyət göstərir. Ayselin çox istedadlı tələbələri var və artıq tələbələrinin ölkə və beynəlxalq festivallar üzrə bir neçə uğurları da vardır.
Ayselin gələcəyə olan bəzi inamları var. O, oxuduğu akademiyada magistr təhsilini almaqla yanaşı, italyan dilini öyrənərək peşəsini orda inkişaf etdirmək istəyir. Bundan başqa o, dövlət telekanallarında və ya flarmoniyalarda solist kimi çalışmaq istəyir. Ayselin ən böyük arzularından biri də odur ki, gələcəkdə xalq artisti kimi fəxri adlardan birinə layiq görülsün.
Hazırladı: Bərəkətli Xəlilov