Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin qalibi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi “İnternat məzunları olan gənclərin “Davranış qaydaları və milli-mənəvi dəyərlərin” təbliği” layihəsinə start verib.

Layihə internat məzunu olan gənclərə davranış qaydaları və milli mənəvi dəyərləri aşılamaq məqsədilə hazırlanmış silsilə görüşlər toplusundan, tarixi abidə və muzeylərə ekskursiyalardan və seminarlardan ibarət olacaq. Bu layihənin sonunda internat məzunu olan gənclərin həyatında yetərincə dəyişiklik olması gözlənilir.

Layihə onların cəmiyyətə inteqrasiyasını və rahat adaptasiya olunmasını təmin etmək məqsədilə həyata keçirilir. Layihənin əsas məqsədi dörd müəssisədən, hər birindən yeddi nəfər olmaqla ümumilikdə 28 nəfər internat ve uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq onlara davranış qaydaları, vətənpərvərlik və milli mənəvi dəyərlərin təbliğ olunması haqqında maarifləndirici seminarlar keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir.Layihə çərçivəsində artıq 5 seminar uğurla keçirilib.

“Milli və mənəvi dəyərlərimiz”, “Davranış qaydaları”, “Cəmiyyət və mədəniyyət” Internat məktəbini bitirmis ugurlu gəclərin “Uğur hekayəsi” və “natiqlik” mövzusu ilə bağlı seminarlara 30-dan çox internat məzunu olan gənclər qatılıb və həmin gənclərə Qala etnoqrafik muzeyine ekskursiya təşkil olunmuşdur.

Seminarlar və ekskursiya əsasında göstərilən aktivlik mövzunun aktuallığını bir daha sübut etdi. Növbəti mərhələlərdə bu kimi seminarlar davam edəcək və seminarlarla bərabər tarixi abidə və muzeylərə də ekskursiyalar təşkil olunacaq. Ümid edirik ki, onların dünyagörüşünün artırılması məqsədi ilə maddi-mədəniyyət abidələrinə (tarixi abidələr, və s..) təşkil olunan səfərlər həmin gənclərdə özünə inamı daha da artıracaq, qazandıqları uğur digər gəncləri də aktiv olmağa həvəsləndirəcək.

Layihə ərzində aktivliyi ilə xüsusi fərqlənən gənclər üçün 3 günlük düşərgə təşkil olunacaq. Düşərgədə gənclərə əsasən “Bdən dili” mövzusunda təlimlər keçiriləcək. Layihənin sonunda gözlənilən nəticə Internat ve uşaq evindən məzun olan gənclərin sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.

Gənclərdə ictimai davranış qaydaları daha çox formalaşacaq və cəmiyyətdə özlərini daha rahat hiss edəcəklər. Üstəlik onların arasında formalaşan əlaqələr də bu layihənin gözlənilən nəticələrindəndir.