“Dini radikalizmə qarşı özünü müdafiə” layihəsi
“Dini radikalizmə qarşı özünü müdafiə” adlı layihə yekunlaşdı. İnternat məzunlarının müstəqil cəmiyyətə inteqrasiyası üçün mütəmadi olaraq layihələr keçirilir.Növbəti layihəni internat məzunlarına könüllü alman dilini tədris edən pedaqoq Pərvanə Mustafayeva təşkil edib. 2020-ci ilin avqust və sentyabr aylarında keçirilən layihənin əsas mövzusu “Dini radikalizmə qarşı müdafiə” olmaqla, psixologiya, motivasiya mövzularını da əhatə edib.Layihə vebinar və seminarlar şəklində olub. Bəzi görüşlərin təkrarlanması istəyini dilə gətirən məzunlar üçün bu kimi layihələrin gələcəkdə təkrarlanması nəzərdə tutulub.Layihədə Ülvi Məmmədov, Murad Akifsoy, Mələk Məmmədova, Fərid Seyfullayev,Pərvanə Mustafayeva kimi təlimçilər öz töhvələrini veriblər. Təlimlərdə iştirakı nəzərdə tutulan bəzi məzunlar, təlimləri yarımçıq buraxıb ikinci Qarabağ müharibəsinə könüllü yollanmış və qələbə xəbəri ilə geri dönmüşlər.
İkinci Qarabağ müharibəsində şəhid olmuş internat məzunlarına Allahdan rəhmət diləyir, ailələrinə səbr diləyirik. Sizlərlə təlimdən sonra mariflənmiş internat məzunlarının “Dini radikalizmə qarşı özünü necə müdafiə etməlisən” başlığı altında tövsiyyələrini paylaşırıq.
Mən – Nəcad İslam Firuzə, valideyn himayəsindən məhrum olmuş 1 saylı internat məktəbindən məzunam. 37 yaşım var.
Adətən uşaq ailənin aynasıdır. İnternatda böyüyənlər üçün də ailə internatın özüdür. Ümumilikdə 50% ailənin, 50% isə cəmiyyətin, dünyada baş verənlərin təsiri ilə formalaşır. Bizim də, cəmiyyətin digər fərdləri kimi dini və siyasi fikir azadlığımız var. Seçdiyim dini doğru bildiyim formada yaşamağa çalışıram.
Dini fanatizmdən uzaq olduğum üçün radikal qruplaşmalardan, radikal düşüncələdən də uzağam. Eyniylə bu cür davranmağı internatda böyüyən, məzun olan və digər gənclərə də məsləhət görürəm. Bir sözlə istər dini istər siyasi fanatizm uçuruma aparır. Fanatizmin bir parçası olmaqdan qorunmalıyıq.

Mən – Aysel Əlizadə 5 saylı Gözdən Əlil Uşaqlar üçün Xüsusi İnternat məktəbinin məzunuyam. 22 yaşım var.
İnternatda təhsil alsam da ailəmlə birlikdə böyümüşəm. Həyatda necə yaşamağı, cəmiyyətə inteqrasiyanı, həyata baxış bucağımı valideyinlərimdən öyrənmişəm. İnternat məzunu olaraq, internat məzunlarına dürüst,düzgün,vətənə layiqli yaşamağı tövsiyə edirəm.
Özüm fiziki məhdudiyyətli olsam da gənclərə aid olan bütün layihələrdə,təlimlərdə,tədbirlərdə həmişə yaxından iştirak edirəm. Həmin təlimlər bir başa bizim dünyagörüşümüzə təsir edir. Dini və siyasi mövzuda dövlətimisizin apardığı daxili və xarici siyasəti dəstəkləyirəm.
Müsəlman olsam da heçbir dini mövzuda fanatik davranmıram. İnternat məzunu olan gənclərə tövsiyəm budur ki, ali təhsil, idman, incəsənət və müxtəlif peşə sahələrində bilik və təcrübələrini artırsınlar. Özlərinə doğru mövqe seçsinlər. Hər hansısa dini və ya siyasi qruplaşmalara meyl edib özlərini, ailələrini, gələcəklərini uçuruma doğru aparmasınlar. Tək çıxış yolu oxumaqdır, təhsildir.

Mən- Ağalar Paşazadə, 27 yaşım var. 10 saylı Pirşağı internatı və Ümid yeri uşaq evindən məzunam. Bizde valideyn himayesi olmadığına gore dini və siyasi fikirlərimiz ətrafın təsiri ilə formalaşırdı. Əlbəttə ki, çox vaxt dini ve siyasi seçimlər valideynlərin inanc və seçimlərinə qismən uyğun olur. Amma bizde bu cür gedişata əsaslanmadı. Bizim də digər fərdlər kimi dini ve siyasi fikir azadligimiz var. Bu azadlığın nəticəsində araşdırıb seçdiyim inandığım dini yaşayıram.
Fərqi yoxdur, istənilən dində fanatizmə qarşıyam. Çünki əgər biz dinde fanatik davransaq artıq inandığımız seçdiyimiz dini yox kimlərinsə bizə öz məqsədləri üçün aşıladığı dini yaşamış olarıq. Cəmiyyətimizdə dəfələrlə bu bataqlığa düşüb ailəsi dağılan çox sayda insanların həyat hekayəsinə şahid olmuşam. Sonda zərər görən hər zaman ailə, atasız qalan uşaqlar olub. Buna da səbəb radikal qruplaşmalar və ideyalogiyalar olub.
Dini radikalizm deyəndə niyəsə əminliklə islam dini ağla gəlir. Amma bu belə deyil. Necə ki 2019cu ildə terorrist Yeni Zellandiyada məscidə girərək günahsız insanları qətlə yetirdi. İnternat gənclərinə və məzunlarına tövsiyyəm budur ki, dünyada baş verənləri yaxından izləsinlər, öz iradələri ilə inanclarını seçsinlər, təsir altına düşməkdən özlərini qorusunlar.

Mən – Mehdiyeva Aynur 10 saylı internat məktəbinin məzunuyam 23 yaşım var. İnternatdə xüsusi sevgi və qayğıdan uzaq böyüyənlər ilk növbədə özlərini sevməyi və həyatlarına dəyər verməyi öyrənməlidirlər.
Həyatdan nə istədiklərinə və necə yaşamaq istədiklərinə qərar verib, o yolda irəliləməlidirlər. Belə olduğu halda heç bir birliyin, qruplaşmanın ideologiyasının təsiri altına düşməyəcəklər. Sadaladıqlarımdan qorunmaq üçün öncə özlərini onların bir parçası kimi təsvir edib, bu qruplaşmaların əsiri olduqları təqdirdə itirəcəklərini göz önünüə gətirməlidirlər.
Müqayisə etmə qabiliyyəti önəmlidir. Öncəsində öz dəyərlərinə söykənən həyat tərzi və sonrasında başqalarının idealogiyasına dayanan sonu məchul olan bir yol. Müqyisədən düzgün nəticə çıxarıb rifahı seçmək vacibdir. İnternat gənclərinə, məzunlarına da tövsiyyəm budur: Manipulyasiyaya uğramadan fərqi görmək gərəkir.

Mən – Hüseynov Emin valideyin himayəsindən məhrum olmuş Lənkəran internat məktəbindən məzunam. 29yaşım var. “İnternat” bura məni həyata döyüşcü kimi hazırlayan məktəb idi!
İnternatda böyüyənlər üçün ailə də valideyn də elə internatın özüdür. Hər kəs kimi bizim də dini və siyasi azadlığımız olub. Bu azadlığın nəticəsində müsəlmanam. İstər dini istərsə də siyasi mövzuda radikalizm pərəstiş etməkdən qaynaqlanır. Çünki nəyəsə, kiməsə pərəstiş etmək müəyyən müddət sonra qərəzli düşünməyə səbəb olur.
Dini radikalizm bu gün ən aktual problemlərdən biridir. Şübhəsiz ki radikalizmə qarşı mübarizədə ən effektiv vasitələrdən biri də vətənpərvərlik hissinin gücləndirilməsidir. Çünkü vətənpərvərlik hissi güclü olan şəxslərin dini radikalizmə təşviq edən qrupların təsiri altına düşməsi mümkün deyil. Dini radikalizmin təsirinə məruz qalanlar əsasən savadsız, dindən anlayışı olmayan, başqalarının təsiri altına düşməyə meyilli olan gənclər olurlar.
İnternatda böyüyən,məzun olan və digər gənclərə məsləhətim dini radikalizmdən uzaq durub,başqalarının təsiri altına düşməsinlər. Seçdikləri yol onları sağlam gələcəyə aparmalıdır. Dini və siyasi radikalizm uçuruma aparır. Birlikdə dini və siyasi radikalizmin bir parçası olmaqdan qorunmalıyıq. Bunun başında isə elm, maariflənmə dayanır.

Mən – Alik Əliyev valideyin himayəsindən məhrum olmuş 1saylı internat məktəbinin məzunuyam. Hamı məni Əli kimi tanıyır. 32yaşım var.
İslamla tanışlıqım ilk dəfə kiçik yaşlarımda olub. Uşağ evində böyüdüyüm üçün sevgiyə və qayğıya çox ehtiyacım vardı. İslam haqqında biliklər əldə etdikdən sonra məndə mərhəmət və sevgi yarandı hətta o qədər yumuşaldım ki, məndən imtina edən valideyinlərimi də bağışladım.
Dövrümüzün aktual mövzularından olan dini radikalizmi bu səbəbdən islamla əlaqləndirmək üçün səbəb tapmıram. Biz yetərincə dini biliklərə sahib olsaq islamın radikalizmlə bir bağı olmadığını görərik. Dini radikal qruplar bəlli məqsədləri olan qruplardır, hansı ki din adı altında insanları toplayır və məqsədləri üçün istifadə edirlər.
Ona görə internat gənclərinə tövsiyyəm elm əhli olmalarıdır. Yalnız elmlə onlara qurulacaq tələlərdən yaxa qurtara bilərlər. Son söz olaraq qeyd edim ki, Rebbimə dua ederek, onun gücü altında toplaşaq. Belə olduğu halda dünyada insanlar bir-birini sevər, ne göz yaşı tökülər,nədə ki, insan qətlə yetirilər.