“Həyat bacarıqları” inklüziv düşərgəsi uğurla başa çatdı
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Həyat bacarıqları” adlı inklüziv düşərgə uğurla keçirilib.
Düşərgə Gənclər Təşkilatları Milli Şurası, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Düşərgənin əsas məqsədi internat məzunları və eşitmə məhdudiyyətli gənclərin həyat bacarıqlarının inkişaf etdirilməsi, onların sosial inteqrasiyasının gücləndirilməsi, şəxsi inkişafına dəstək göstərilməsi və inklüziv mühitdə birgə öyrənmə imkanlarının yaradılması olub.
Proqram çərçivəsində psixoloqlar və mütəxəssislər tərəfindən riskli davranışların profilaktikası, zərərli vərdişlərin mənfi təsirləri, emosiyaların idarə olunması, çətinliklərlə mübarizə, həmyaşıd təzyiqinə qarşı dayanıqlılıq və düzgün qərarvermə bacarıqları mövzularında interaktiv təlimlər keçirilib.
Bununla yanaşı, iştirakçılar üçün şəxsi inkişaf, müstəqil həyata hazırlıq, karyera planlaşdırılması, CV hazırlanması, özünü təqdimetmə bacarıqları, inklüziv mühit və işarət dili üzrə praktiki sessiyalar təşkil olunub.
Düşərgə müddətində gənclərin asudə vaxtının səmərəli təşkili və fiziki aktivliyinin artırılması məqsədilə səhər idmanı, komanda oyunları, film saatı, meditasiya məşqləri və axşam əyləncə proqramları da təşkil edilib.








