Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Hüquqlarını öyrən, vəzifələrini bil!” layihəsi həyata keçirilib. Həyata keçirilən bu layihənin əsas məqsədi layihə iştirakçıları arasında əməkdaşlığın qurulması, onların hüquqi maarifləndirilməsi və eyni zamanda gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsidir. Layihə çərçivəsində Bakı, Quba və Lənkəran şəhərlərində yerləşən internat və uşaq evi məzunlarına Şamaxı şəhərində təşkil olunan 30 nəfərdən ibarət 5 günlük 30 iyun – 3 iyul yay düşərgəsində seminar və təlimlər keçirilmişdir. Keçirilən təlim və seminarların məqsədi isə bu gənclərin özləri üçün və gələcək məzun olan gənclərə hüquqi yardım edə biləcəyi komanda formalaşdırmaq, hüquqi yardım işləri ilə məşqul olmağa yönləndirməkdir. Eyni zamanda gənclərimizin hüquqları ilə yanaşı, bir vətəndaş olaraq öz vəzifə və öhdəliklərini bilmələri də layihənin qarşısında duran digər prioritet məsələlərdən biridir. Layihə müddətində bu istiqamətdə də təlim və seminarlar həyata keçirilmişdir. Bundan əlavə düşərgə iştirakçıları Şamaxı Astrofizika rəsədxanasını ziyarət etmiş və orada rəsədxananın fəaliyəti ilə yaxından tanış olmuşlar. Bununla bir yerdə gənclər üçün təbiətdə komanda işi mövzusunda oyunlar və piknik təşkil olundu. Düşərgə ərzində gənclər həmçinin aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin ailəsini ziyarət edib, onlarla tanış oldular. Görüş zamanı natiqlər fəal vətəndaşlıq anlayışında vətənpərvərliyin önəmi və müharibə şəraitində olan dövlətimizin inkişafında gənclərin töhfəsinin vacibliyi qeyd olunmuşdu.İMSİ təşkilatı uşaq evləri və internat məzunlarının birgə təşəbbüsü ilə yaradılıb və 2014- cü ildə qeydiyyata alınıb. Üzvlərinin sayı 400 nəfərdir və 10 müəssisənin məzunlarından ibarətdir. Bu günə qədər bir çox layihə həyata keçirmiş təşkilatın əsas məqsədi internat və uşaq evləri məzunlarının cəmiyyətə inteqrasiyasına, onlara öz yollarını tapmaqda və cəmiyyətə xeyirli vətəndaş kimi inkişaf etməklərinə dəstək olmaqdır.