“Keşlə” İnternat Məzunlarının Sosial İnteqrasiyası təşkilatı ilə əməkdaşlığa başladı. Bu gün “ASK Arena”da İnternat Məzunlarının Sosial İnteqrasiyası (İMSİ) təşkilatının üzvləri ilə görüş keçirilib.
Görüşdə “Keşlə” FK-nın Müşahidə Şurası sədrinin müavini Elşan Abasov, əsas komandamızın baş məşqçisi Tərlan Əhmədov və futbolçular Slavik Alxasov, Əfran İsmayılov, Franko Flores və Sezar Meza Kolli iştirak ediblər. E.Abasov ilk olaraq təşkilat üzvlərini salamlayıb və onlara həvəskar liqa olan MFL-də uğurlar arzu edib.
Həmçinin “Keşlə” tərəfindən internat məzunlarına formalar və toplar hədiyyə olunub.Əsas komandanın baş məşqçisi Tərlan Əhmədov təşkilat üzvlərinə hər zaman dəstək olmağa hazır olduqlarını bildirib və onlara uğurlar arzulayıb. İMSİ-nin sədri Araz Əhmədov göstərdikləri diqqətə görə təşkilat adından “Keşlə” Futbol Klubuna təşəkkürünü bildirib.Daha sonra məzunlar klubun bazası və akademiyası ilə tanış olublar.