“İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsi uğurla başa çatdı.

Layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.

Layihədən Mərdəkan qəsəbəsi 2 saylı inrernat məktəbindən 45 şagird , Maştağa qəsəbəsi 1 saylı internat məktəbindən 40 şagird, Buzovna qəsəbəsi 8 saylı internat məktəbindən 40 şagird, Günəşli qəsəbəsi 2 saylı uşaq evindən 26 şagird, həmçinin uşaq evləri və internat məktəblərini bitirmiş 30-a yaxın gənclə birlikdə ümumi 180 nəfərdən çox gənc faydalanmışdır. Layihə üç hissədən ibarət idi:

1-ci hissə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən həyata keçirildi. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən iştirakçılar arasından seçilmiş Mərdakan, Maştağa və Buzovna qəsəbələrində olan internat məktəblərində təhsil alan 30 nəfər gəncin hər birinə psixi sağlamlığını və cəmiyyətdə psixo-sosial adaptasiyasını formalaşdırmaq üçün 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərildi, qrup terapiyaları və qrup işləri təşkil edildi.

Uğurla keçən layihənin ilk mərhələsinin sonunda hesabat xarakterli tədbir təşkil olundu. Hesabat tədbirində “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, “Loqos” un Təlim-tədris şöbəsinin rəhbəri Günel Axundova, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Məmmədov iştirak ediblər. Çıxış edən natiqlər layihənin əhəmiyyətindən danışıblar və bildiriblər ki, Gənclər Fondu tərəfindən dəstəklənən bu layihə internat məzunları üçün çox faydalıdır və bu tip layihələri davamlı həyata keçirtmək lazımdır.

Layihənin 2-ci hissəsində ümumillikdə 180 nəfərə yaxın gəncə təlim və seminarlar vasitəsilə, intelektual səviyyələrinin inkişaf etdirilməsi üçün oyunlar, dünyagörüşü və analitik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həftəlik tapşırıqlar, ünsiyyət psixologiyası, şəxsi brend, 5-10 illik hədəflərin müəyyən olunması , motivasiya və s. mövzularda seaminarlar keçirildi. Layihənin 3-cü hissəsində internat məktəbindən məzun olmuş 30-a yaxın gəncin iştirakı ilə Şamaxı rayonunda qış düşərgəsi təşkil olundu. Düşərgədə gənclərlə psixo-sosial reabilitasiya, ünsiyyət psixologiyası, karyera planlaşdırılması mövzularında seminarlar keçirildi.